11.06.2025
Lənkəran şəhər Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşun sədası – birliyimizin nəğməsi” adlı konsert proqramı təşkil olunub.
Regionlararası mədəni ələqələrin inkişaf etdirilməsi məqsədini daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi, Regional Təhsil İdarəsinin müdiri, Regional Gənclər və İdman İdarəsinin rəisi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Milli Qurtuluş Gününün ölkə tarixindəki əhəmiyyətindən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi böhranın aradan qalxdığını, sabitliyin və inkişafın əsasının qoyulduğunu vurğulayıb.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllim heyəti, Sabirabad rayon Mədəniyyət Mərkəzinin musiqiçi əməkdaşları tərəfindən hazırlanmış zəngin konsert proqramı təqdim olunub, eyni zamanda Saatlı rayon “Adıgün” Türk Xalq Folklor Kollektivi tərəfindən maraqlı rəqs kompozisiyaları nümayiş olunub.
Konsert proqramından sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək tədbirin təşkilində dəstəyə görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə, həmçinin tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.
Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsi regionlararası mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəyə görə təltif edilib.
Bölgələrarası mədəni əməkdaşlığın inkişafına, milli dəyərlərimizin təbliğinə və Milli Qurtuluş Gününün əhəmiyyətinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyan tədbir böyük maraqla qarşılanıb.