Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sabirabadda Qərbi Azərbaycan haqqında kitabın təqdimatı keçirilib

16.07.2025

Sabirabad Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov, Qərbi Azərbaycan İcması aparatının elmi işçisi, kitabın həmmüəlifi Səbuhi Hüseynov, Mil-Muğan Regional Mədəniyyət İdarəsin rəisi Nadir Quliyev, həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər heyəti və əməkdaşları, rayonda məskunlaşmış qərbi azərbaycanlılar, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

 

Təqdimat mərasimində öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.

 

Daha sonra tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Qərbi Azərbaycanın minilliklər boyunca xalqımızın yaşayış məskəni olduğunu bildirib. Bu torpaqların nəinki coğrafi anlamda, həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğu vurğulanıb. O, Qərbi Azərbaycan irsinə həsr olunan kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

Tədbirdə digər çıxış edənlər - Qərbi Azərbaycan İcmasının elmi işçisi, kitabın həmmüəlifi Səbuhi Hüseynov və İcmanın Sabirabad rayon nümayəndəsi Musa Ramazanov çıxışlarında Ermənistanın azərbaycanlılara qarşı uzun illər sistemli şəkildə etnik təmizləmə və mədəni irsin məhvini hədəfləyən siyasət həyata keçirdiyini bildiriblər. Qeyd olunub ki, Qərbi azərbaycanlılar haqlarının tanınmasını və tarixi yurdlarına qayıdışı istəyirlər, bu kimi nəşrlər isə həm tarixi ədalətin bərpasına, həm də zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

 

Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.