Beyləqan rayonu şimaldan Kür çayı ilə cənubdan İran sərhəddi arasında yerləşir. Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən keçir. Bəzi mənbələrə görə əsası V əsrdə Sasani hökmdarı I Qubad tərəfindən qoyulmuş qədim Baylakan şəhəri Beyləqan rayonunun ən məşhur tarixi-mədəni abidəsidir. Mil düzündə, Kür və Araz çayları arasında yerləşən Kəbirli kəndi yaxınlığında qədim Örənqala (Baylakan) şəhərinin yerləşdiyi ərazidə aparılmış qazıntı işləri orta əsrlərin mədəniyyətinə dair zəngin material əldə etməyə imkan vermişdir. Qala divarlarının hündürlüyü 6 metrə yaxın olan bu şəhərin ərazisi 400.000 kv.m olmuşdur. Şəhər yerinin yaxınlığında vaxtilə çox məşhur olmuş Gavurarx suvarma kanalının qalıqları və Mil - minarənin xarabalıqları qalmışdır. Mil düzünün adı bu minarə ilə bağlıdır. Örən - qala şəhərinin adı qazıntı işləri zamanı aşkar edilmiş qabların üzərində tapılmışdır (həmin qabların üzərində onların «Baylakanda fədlun düzəldib» qeyd edilmişdir). Divar hörgüsündə Sasani möhürlərinin aşkar edilməsi belə bir fikir söyləməyə əsas verir ki, bu şəhərin dövrəsindəki divar V - VI əsrlərdə tikilmişdir. Arxeoloji qazıntılar zamanı IX - X əsrlərə aid şirli keramik qablar və Abbasilərin pul sikkələri, metaldan, şüşədən və sümükdən düzəldilmiş məmulatlar aşkar edilmişdir. IX - X əsrlərdə Baylakanda keramik məmulatlarının bişirilmə texnikası çox mükəmməlləşdirilmişdir. Ayaqla işləyən dulusçu dairəsi əl ilə işləyən dulusçu dairəsini, demək olar ki, tamamilə sıxzışdırıb aradan çıxarmışdır. Keramik məmulatların hazırlanmasında anqobdan və şirdən istifadə edilməsi Baylakan dulusçularının çox böyük naliyyəti idi. Şüşə qablar hazırlanması prosesində şərbət üfürmə, qəlibdə üfürmə və qəlibdə tökmə üsullarından istifadə edilirdi. Rəngli şüşənin alınması üsullarının mənimsənilməsində də böyük uğurlar qazanılmışdır. Toxuculuq, ipəkçilik və xalçaçılıq sənətləri inkişaf etmişdir. Baylakanın şirniyyatı - natif də çox məşhur idi. Arxeoloci qazıntılar zamanı Sasani çarı II Çosrovun (590 - 628-ci illər) drahmalarının, Sasanilər sülaləsinin sonrakı dövrlərinə aid qemmlərin və ərəblərin zərb etdiyi ilk sikkə nümunələrinin aşkar edilməsi onu göstərir ki, Baylakan lap əvvəldən başqa ölkələrlə ticarət əlaqələri saxlayırmış. VIII əsrin üçüncü rübünün sonu - IX əsrin əvvəlindən başlayaraq Baylakanda zərb edilən gümüş dirhəmlərin və mis felslərin üzərində Arran sözü həkk edilirdi. Dirhəmlər Baylakan hüdudlarından çox-çox uzaqlarda da tədavül edilirdi: Kiyev Rus dövlətinin ərazisində və Baltik ölkələrində bu cür dirhəmlər tapılmışdır. IX əsrdən XIII əsrin əvvəllərinədək Baylakanda həyat yüksək dərəcədə tərəqqi edir. Bu dövrdə tikintidə istifadə edilən keramikanın, fiqurlu kərpiclərin və kaşının istehsalı artmış, tikililər ucaldılması texnikası təkmilləşdirilmiş, çoxlu saraylar inşa edilmişdir. Hətta Baylakan yaxınlığında müxtəlif rəngli kaşdan istifadə etməklə bəzək işləri görülmüş, bişmiş kərpicdən tikilmiş monumental istehkamlar və ibadətxanalar inşa edilmişdir. Şəhərə su bişmiş kərpicdən tikilmiş örtülü kanallar vasitəsilə, eləcə də saxsı borulardan ibarət su kəmərləri vasitəsilə Gavurax kanalından gətirilirdi. Qazıntı işləri zamanı daşdan, dəmirdən və tuncdan hazırlanmış çəki daşları, 150-ə qədər üzərində onları hazırlayan ustaların möhürləri olan qablar tapılmışdır. Burada həmçinin İran çinisi, Çin seladonu, Hindistandan gətirilmiş kauri balıqqulaqları, ərəb şüşə qablarının hissələri, çoxsaylı pul sikkələri tapılmışdır. IX - X əsrlərə aid keramik məmulatların səthi əsasən həndəsi və nəbati naxışlarla, nadir hallarda heyvan və balıq təsvirləri ilə və daha nadir hallarda insan təsvirləri ilə bəzədilmiş olurdusa, XI - XIII əsrlərdə həmin təsvirlərin əhatə dairəsi xeyli genişlənir. Rəssamlar Sasanilər dövründən sonra hələ unudulmamış etik motivlərə müraciət edirlər. Üzərində feodal əyyanların və əfsanəvi çarların təsvirləri olan Baylakan kasaları bu qəbildəndir. Bu cür təsvirlər Azərbaycan keramikası üçün xüsusilə səciyyəvidir. 1221-ci ilin payızından etibarən Baylakanın tarixən faciəli dövr başlanır. Monqolların 30 minlik işğalçı qoşunu şəkərdə-noynlar Cebe və Subutayın başçılığı ilə bu şəhəri mühasirəyə alır və şəhər sakinlərinin qəhrəmancasına müdafiə olunmalarına baxmayaraq yadellilər «hicri tarixi ilə 618-ci ilin ramazan ayında(miladi tarixlə 1221-ci ilin oktyabr-noyabr aylarında) şəhərpi zorla tutdular və qılıncları elə işlətdilər ki, şəhərdə heç kəs qalmadı - nə cavan, nə qoca, nə də qadın...». Düşmənlərin şəhərə soxulması o qədər gözlənilməz olmuşdu ki, sənətkarlar dulusçu sobalarını boşaltmağa da macal tapmamışdılar. Qazıntı işləri zamanı yaşayış yerlərində çoxlu keramik qab, yandırılmış ərzaq və taxıl ehtiyatları, mis sikkələr, şüşə qablar, əmək alətləri, məişət əşyaları tapılmışdır. Bununla bərabər, qiymətli metallardan hazırlanmış məmulatlar yox dərəcəsindədir. Bu onu göstərir ki, şəhər əvvəlcə qarət edilmiş, sonra yandırılmışdır. Baylakan sakinlərinin çoxu bu hadisədən sonra öz evinə qayıtmadı. Monqollar şəhəri Araz çayının suyu ilə təchiz edən qədim sulama sistemini dağıtmışdılar. Buna görə də həmin ərazi gec ya tez səhralığa çevrilməli idi. Baylakanda həyatı bərpa etmək üçün Şərəf əl-Mülkün, Teymurun və onun varislərinin göstərdiyi cəhdlər bir səmərə vermədi. Monqollar Baylakanı elə xaraba qoymuşdular ki, bəzi tarixçilər şəhərin yoxa çıxmasına inana bilməyərək bu hadisəni təbii fəlakətlə izah etmişdilər. Baylakan şəhəri işğalçıların zərbələri nəticəsində süqüt etmişdi, lakin onun qəhrəmanlıq tarixi uzun müddət xalqın qəlbində yaşamış, nəsillərdən nəsillərə ötürülmüşdür. Müasir Beyləqan inkişaf etməkdə olan kənd təsərrüfatı rayonudur, Respublikanın ən iri pambıqçılıq rayonlarından biridir. Harada qalmaq olar Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar Kiçik kafe və qəlyanaltılarda münasib qiymətə dadlı xörəklər verilir.