11.10.2019
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019- cu ilin “Nəsimi ili“ elan olunması ilə əlaqədar Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi tədbirlər planı tərtib etmişdir.Plana uyğun olaraq 09 oktyabr 2019-cu il tarixdə şəhər M.İsrailov adına 18 nömrəli məktəb-liseydə şəhər Gənclər və İdman İdarəsi vəTarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Məndə sığar iki cahan...”adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbir Azərbaycan əsilli,dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufun “Sığmazam” qəzəlinə yazılmış musiqili kompozisiya ilə başladı. Gecənin aparıcısı, Tarix-diyarşünaslıq muzeyinin baş elmi işçisi Ləman Mikayılova böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında danışdı. Qeyd etdi ki, İ.Nəsimi orta əsr şərq poeziyasının parlaq nümayəndələrindən biridir.Onun poeziyasında qaldırılan humanizm, mübarizlik,vətənpərvərlik,müstəqillik və azadlıq ideyaları bu gün də aktualdır. İ.Nəsimi Azərbaycan xalqının, həmçinin bütün dünyanın mənəvi sərvətidir. Çünki,humanist, ümumbəşəri fikirlərini xalqa çadırmaq üçün Nəsimi onların forma və gözəlliyinə xüsusi fikir vermiş,bədii təsir gücünün bu yolla artırılmasını nəzərdən qaçırmamışdır.Ədəbi-bədii gecədə İ.Nəsiminin qəzəlləri,onun həyatından bəhs edən səhnəciklər,uşaq musiqi məktəbinin”Muğam”sinfinin müəllim və şagirdlərinin çıxışları tədbiri olduqca maraqlı etmişdir.Bu mənada şəhər Gənclər Evinin Ədəbiyyat dərnəyinin rəhbəri Nurlan Qədimovun,şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin və L.Mikayılovanın çıxışlarını xüsusilə qeyd etmək lazımdır.Sonda şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış etmişdir.Tədbir gənc müğənni və bəstəkar Ramal İsrafilovun İ.Nəsiminin “Sığmazam” qəzəlinə yeni bəstələmiş mahnısının ifası ilə başa çatmışdır.