25.04.2019
25 aprel 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərəkəzində görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları İlk olaraq görkəmli alimin xatirəsinə həsr edilən sərgi ilə tanış olublar.Tədbiri Mərkəzin direktoru Aynur Fərzəliyeva açaraq bildirdi ki, akademik Zərifə Əliyeva qayğıkeş insan, böyük alim, əsl ziyalı kimi tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. İnsanları zülmətin pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün əvəzsiz örnəkdir.
Sonra Mərkəzin əməkdaşı Səkinə Qayıbova görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən geniş məlumat verərək Zərifə xanım Əliyevanın, bütövlükdə, öz parlaq fəaliyyəti ilə tarixin yaddaşına əbədi həkk olunduğunu, onun tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Tədbirin sonunda rejissor Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın sevgisinə həsr olunmuş “Əsl məhəbbət haqqında” film nümayiş olundu.