Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel Şəhidimiz Milli Qəhrəman Polkovnik - leytenant Murad Mirzəyevin Xanımının xatirələrindən.

28.03.2019

Aprelin 10-da axşamüstü idi. Otaqda çaxnaşma baş verdi. Onun gəlişini hər zaman hiss edirdim. Həmin günü də hiss edirdim ki, Murad gələcək... Artıq 10 gün idi ki, Muraddan xəbər yox idi. Əvəllər də belə olurdu. Bilirdim ki, gələcək. Bilirdim ki, Vətənin xidmətindədir. Atası Telman dayı Muradın sorağını almağa getmişdi. Mən isə Muradı gözləyirdim. Bir qadın ərinin səfərdən gəlişini necə gözləyərsə, elə gözləyirdim. Ev dolub-boşalırdı, fərqində deyildim. Aprelin 10-da axşamüstü Muradın gəldiyini dedilər... Tabutu çiyinlərində gətirdilər... Mən səntirlədim. Yıxılanda hiss etdim ki, arxadan məni kimlərsə tutub saxladı və bu sözləri eşitdim: “Fizzə, sən yıxılsan, biz də yıxılacağıq... Yalvarırıq, özünü möhkəm saxla, Muradı ona layiq qarşıla...”. Bacılarımın həyat yoldaşları Anar və Maqsud həmin dəqiqə məni yıxılmağa qoymadılar... Sonra tabutun başı üzərində dayanan zabiti tanıdım. Aliə dostumuz idi. “Hanı Murad?”-deyə soruşdum, dedim niyə Muradı belə gətirdin? Zabit dizlərini yerə qoyub hönkür-hönkür ağlamağa başladı... sonra da səsi qırıq-qırıq kəsilə-kəsilə dedi ki, “Murad Mirzəyev son anına qədər azad etdiyi mövqedən geri çəkilməyib”. 
Sinəsini qabağa verib, pusquda olan zabit və əsgərlərə meydanı tərk etmək və digər yaralıları daşımaq əmrini verib. Özü ayağından yaralansa da, meydanı tərk etməyib...
Onlar - Murad Mirzəyev, Samid İmanov, Elnur, Pəncəli həmin döyüşdə düşmənin arxa tərəfinə keçərək, çox strateji bir yüksəkliyi və yolu ələ keçiriblər. Və yardım gözləyiblər. Murad Samid İmanovu meydandan çıxartmaq əmrini verib. Ətrafında olan döyüşçülər, komandir olduğuna görə, onun da geri qayıtmasını istəsələr də, sona qədər vuruşacağını deyib. Həmin döyüşdə Muradın dəstəsi düşmənin 14 tankını məhv edib. Murad “Vətən sağ olsun” deyərək , pulemyotu əlinə alıb, döyüşə atılıb. Yalnız səhər- səhər hava işıqlaşanda, ermənilər bizim döyüşçülərin mövqeyini müəyyən edib və onlar dayanan yeri dayanmadan top atəşinə tutublar... Həmin gün Muradı gətirən zabit və əsgərlər deyirmişlər ki, hərbçilərimiz döyüşə atılanda nər kimi nərildəyir, yüksək ruhla döyüşürlərmiş... Beləcə bir aprel səhəri öz qanları və canları ilə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini yazıblar... "

Aprel Şəhidimiz Milli Qəhrəman Polkovnik - leytenant Murad Mirzəyevin Xanımının xatirələrindən.