Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan Mədəniyyəti

06.03.2019

06.03.2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev və Azərbaycan Mədəniyyəti mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayon ictimaiyyəti iştirak etdi. Mövzu ilə əlaqədar olaraq Azərbaycanın mədəniyyət tarixindən, ulu öndər Heydər Əliyev və onun məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Mədəniyyətinə göstərdiyi qayğıdan bəhs edildi. Ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafı üçün ulu öndərimizə borcludur. Görkəmli dövlət xadimi Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onlara daim qayğı göstərirdi. Azərbaycanın sənətkarları sovet dövründə məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyət sahəsində bir müddət çətinliklər yaranmış, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra milli mədəniyyətimizin tərəqqisinə şərait yaradılmışdır. Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan ulu öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Sonda isə mövzu ilə bağlı videosujet izlənildi.