Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənpərvərlik mövzusunda silsilə tədbirlər

18.01.2019

Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaqlarımız uğrunda canını fəda edən milli qəhrəmanlarımızın tanıdılması və gənclərimizin torpaqlarımızın müdafiəsinə durmağa ruhlandırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.Döyüş şöhrəti mövzusu ilə əlaqədar muzey fondu yeni materiallarla zənginləşdirilmiş, guşələr və sərgilər təşkil edilmişdir.

         Muzeyimizdə əsaslı təmir işlərinin aparılması ilə əlaqədar təbliğati fəaliyyətimizin əsas istiqamətini səyyar sərgilər vasitəsi ilə həyata keçiririk.Yanvar ayı sonunadək  belə silsilə tədbirlərin nümayiş olunmasını nəzərdə tutmuşuq. “Vətəni sevmək azdır, onu qorumaq gərək” başlıqlı ilk səyyar sərgimiz N.Nərimanov adına 2 saylı tam orta məktəbdə nümayiş olunmuşdur.Məktəbin foyesində təşkil olunmuş səyyar sərgiyə baxışda 1300 nəfərədək müəllim, valideyn və şagirdlər iştirak etmişdir.

         Sərgidə sabirabadlı milli qəhrəmanlar Mübariz Əhmədovun, Fərhad Ağayevin, Murad Mirzəyevin, yanvar şəhidləri Zəbulla Əliyevin, Mehman Məmmədovun, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Maqsud Daşdiyevin, Daşqın Əhmədovun, Yalçın Qəhrəmanovun, torpaqlarımız və azadlığımız uğrunda döyüşlərdə canını fəda edən 226 nəfər şəhid və itkinlərimizin və Əfqanistan müharibəsi iştirakçılarının  şərəfli döyüş yollarını əks etdirən 230-dək fotolar, sənədlər, geyimlər və şəxsi əşyalar,gənclərin hərbi xidmətə yolasalma mərasimlərinə aid materiallar  nümayiş olunmuşdur.Muzeyin bələdçisi Günel Cəfərova sərgidə toplanan materiallarla bağlı tamaşaçılara məlumat vermişdir.

         Şagirdlərə muzeyin təşkil etdiyi vətənpərvərlik haqqında sorğu anketləri paylanmışdır.Sorğu anketində şagirdlər vətənə, xalqa, torpağa olan sevgi və məhəbbət hislərini ifadə edən maraqlı fikirlərini paylaşmışlar.Sərginin təşkilində məktəbin təşkilatçı işlər üzrə direktor müavini Mürsəl Əsgərov muzey əməkdaşlarına yaxından köməklik göstərmişdir.

         “Vətəni sevmək azdır, onu qorumaq gərək” başlıqlı sərgi yanvar ayının sonunadək digər təhsil ocaqlarında da nümayiş etdiriləcəkdir. Vətənpərvərlik mövzusunda sorğu anketində maraqlı fikir və rəylərini paylaşmış qalib iştirakçılar  muzey rəhbərliyi tərəfindən mükafatlandırılacaqdır.