Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Birinci Konfransı keçirilib

27.10.2017

Oktyabrın 27-də Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Birinci Konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir. Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.” - deyə məktubda qeyd olunur.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu hər zaman fəaliyyətində cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönələn layihə və proqramların icrasını ön plana çəkir. “Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsində əsas məqsəd isə bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlib.