04.05.2018
Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən ənənəvi “Açıq kitabxana” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərində mütaliə həftəsi təşkil edilmişdir. Mərkəzi Kitabxana və onun filiallarının kollektivləri müxtəlif məktəblərdə olmuş, şərqdə ilk demokratik respublika, eləcə də həmin dövrün digər aktual məsələləri haqqında kitablardan, Azərbaycan və xarici ölkə yazıçılarının bədii əsərlərindən ibarət sərgilər təşkil etmiş, müstəqillik tariximiz, azad ölkənin layiqli vətəndaşı olmaq, neft kapitalını insan kapitalına çevirmək, dünyaya xammal deyil, beyin “məhsulları” ixrac etmək üçün kitabın və mütaliənin müstəsna rolu mövzularında söhbətlər aparmışlar.
Şirvan şəhər Mərkəzi Kitabxanası əməkdaşlarının mütaliə həftəsi çərçivəsində təşkil etdikləri ilk tədbir 21 saylı tam orta məktəbdə olmuşdur. Kitabxanaçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olmuş Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və başqaları haqqında yazılmış kitablardan, Azərbaycanın şair və yazıçılarının, tanınmış xarici ölkə ədiblərinin əsərlərindən ibarət sərgi təşkil etmişlər. Sərgidə 150 adda 200 nüsxə kitab nümayiş etdirilmişdir. M.Ə. Rəsulzadənin əsərləri, “Azərbaycan tarixi günbəgün”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət”, “Ermənilər və həqiqətlər”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” və bu qəbildən digər kitablar şagirdlərin daha böyük marağına səbəb olmuşdur. Kitabxanaçılar cümhuriyyət mövzusunda yazılmış, Mərkəzi Kitabxananın fondunda olan, lakin sərgidə nümayiş etdirilməyən digər kitablar haqqında da şagirdlərə məlumat vermiş, həmin kitabları oxumaq üçün kitabxanaya üzv yazılmağı tövsiyə etmişlər.