04.04.2018
4 Aprel 2018-ci il tarixində M.Ə.Sabir adına Mərkəzi Kitabxanada tarixə Dördgünlük müharibə kimi düşən aprel döyüşlərindən bəhs olunan tədbir keçirildi. Tədbirdə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri iştirak etdilər. Tədbir Qarabağ döyüşlərində həlak olan bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri MKS-in direktor müavini Nəzakət Salmanova açaraq aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbədəsi, düşmənin dinc əhaliyə qarşı hücumlarının necə dəf edilməsi haqqında məlumat verdi.
Sonra Kitabxana İnformasiya Texnologiya mütəxəsisi O. Ağayeva çıxış edərək aprel döyüşlərində qazanılan qələbədən, ermənilərin məğlubiyyətindən və onların hərbi sursatının məhv edilməsi haqqında ətraflı danışdı. Milli Qəhrəman Polkovnik- Leytenant Murad Mirzəyev haqqında Komplektləşdirmə və Kitabişləmə şöbəsinin biblioqrafı S.Abbasova məruzə etdi. O, Murad Mirzəyevin keçdiyi şərəfli ömür yolundan və Prezidentimiz tərəfindən Milli Qəhrəman adına layiq görülməsindən danışdı. Tədbirdə Komplektləşdirmə və Kitabişləmə şöbəsinin baş kitabxanaçısı S.Hüseynova, Oxuculara Xidmət şöbəsinin müdiri Z.Kərimova, kitabxananın fəal oxucusu A.Nuriyev öz çıxışlarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən bərpa işlərindən, dinc əhalinin doğma yurdlarına qayıdışından danışdılar.
Tədbir Milli Qəhrəman Murad Mirzəyev və Aprel döyüşlərinə həsr olunan sərgiyə baxışla sona çatdı. Aprel döyüşlərində həlak olan qəhrəmanlar və Murad Mirzəyev kimi övladlarımız Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəsillərin formalaşmasında da böyük rol oynayacaq.