31.07.2017
İyulun 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabulı rayon İcra Hakimiyyəti və yerli bələdiyyə orqanları ilə birgə rayondakı Heydər Əliyev mərkəzində "Ailə Akademiyası" layihəsi çərçivəsində növbəti regional tədbir keçirib.
Tədbirdə Hacıqabul, İmişli, Sabirabad, Bilsuvar, Beyləqan rayonlarının və Şirvan şəhərinin aktiv yerli özünüidarə etmə orqanalrının təmsilçiləri iştirak edib.
Tədbridə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Əslan Səmədov ölkəmizdə dövlət ailə siyasəti, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva mərasimdə çıxış edərək bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Ailə dəyərlərinin dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu deyən komitə sədri vurğulayıb ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan A. Sofiyeva qeyd edib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib.
Mərasimdə "Ailə Akademiyası" layihəsini əks etdirən təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Digər çıxış edənlər ağbirçək Cəmilə Ağamalıyeva, YAP üzvü, fəal gənc İlqarə Muxtarova və birinci Udulu kənd bələdiyyəsinin sədri Ramiz Təhməzov təhsil amilinin, hüquqi məsələlər və ailə dəyərlərinin əhəmiyyətindən danışıblar.
Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Hacıqabul şəhər bələdiyyəsi tərəfindən "Ailə Akademiyası" layihəsi çərçivəsində hazırlanan təlimə baxış keçirilib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.