27.09.2025
II Qarabağ müharibəsinin sabirabadlı şəhidlərinin müqəddəs xatirəsinə həsr edilmiş “Torpağı vətən edənlər” sənədli filminin təqdimatı keçirilib.
Təqdimatdan öncə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanlarımızın məzarları önünə gül dəstələri düzüb, onların ruhunu dərin ehtiramla yad ediblər.
Daha sonra rayon icra hakimiyyətinin başçısı, yerli idarəetmə, hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər və rayon sakinlərinin iştirakı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində film nümayiş olunub.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.
Ekran əsərində sabirabadlı şəhidlərin Vətən müharibəsində göstərdikləri igidlik, vətənpərvərlik və əzm dolu həyat yolu əksini tapıb.
Tamaşaçılar filmi böyük maraq və qürur hissi ilə izləyiblər.
Qeyd edək ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ərsəyə gələn filmin ideya müəllifi Faiq Xudanlı, aparıcısı Əminə Quliyeva, ssenari rejissoru isə Əfsər Şahbazovdur.