Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

31.05.2025

Beyləqan rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Suveren ölkəmizin xoşbəxt gələcəyi” adlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi və mədəniyyət müəssisələrinin əməkdaşları, Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil sektorunun rəhbərliyi, Körpələr evi-Uşaq baxçalarının, eləcə də ümumtəhsil məktəblərinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Beyləqan rayon Heydər Əliyev Parkında keçirilən tədbirdə qonaqlar öncə Uşaq-Gənclər İnkişaf mərkəzinin uşaqlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub, şahmatçı uşaqların yarışlarını və gənc güləşçilərin məşqlərini izləyiblər.

Dövlət Himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin anılması ilə başlayan tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova və digər çıxışçılar uşaqları bayram münasibətilə təbrik edib, Ulu Öndərin əsasını qoyduğu və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilən uşaq siyasəti barədə məlumat veriblər. Qeyd olunub ki, dövlətin uşaq siyasəti onların hüquqlarının qorunmasına və sağlam, təhlükəsiz mühitdə böyüməsinə yönəlib.

Tədbirin bədii hissəsində körpələr evi-uşaq baxçalarının və Niyazi adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladıqları şən musiqi və rəngarəng rəqs nömrələri təqdim olunub.

Körpə fidanların bədii çıxışları tədbirə rəng qatıb, tamaşaçılara xoş əhval-ruhiyyə yaşadıb.