30.05.2025
Saatlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
“Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və uşaqlar iştirak edib.
Saatlı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə qonaqlar öncə uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev uşaqları təbrik edərək, onların sevgi və qayğı ilə əhatə olunmasının, hüquqlarının qorunmasının və sağlam, təhlükəsiz mühitdə böyümələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdləri və Körpələr evi-uşaq bağçalarının kiçik nümayəndələrinin ifasında səslənən musiqi və rəqs nömrələri böyük maraqla qarşılanıb. Balacaların rəqsləri və musiqi alətlərində canlı ifaları tədbirə xüsusi rəng qataraq tamaşaçılara xoş ovqat bəxş edib.