29.05.2025
Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, tanınmış pianoçu Könül Hüseynova tərəfindən fortepiano ixtisası üzrə ustad dərsi təşkil edilib.
Tədbirdə Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşəbbüsü ilə təşkil olunan ustad dərsi gənc musiqiçilər və pedaqoqlar üçün nadir sənət dərsi və peşəkar inkişaf platformasına çevrilib.
Professor Hüseynova iştirakçılarla ifa texnikası, musiqi analizi və səhnə mədəniyyəti üzrə bilik və tövsiyələrini bölüşüb. Canlı ifalar və peşəkar təhlillər tədbir iştirakçıları üçün dəyərli təcrübəyə çevrilib.
Könül Hüseynovanın pedaqoji yanaşması və musiqi duyumu iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.