Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyi qeyd olunub

08.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Mərkəzin foyesində təşkil olunmuş Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri və “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsinin qaliblərinin işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən rayon rəhbəri Əziz Əzizov, prokuror Ramazan Hadıyev, Ağsaqqallar şurasının sədri Etibar İmanov və ziyalı İfrat Məhərrəmov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı bəhs ediblər.

Tədbirin sonunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Röya Nəsirli Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş çıxışını təqdim edib. Yubiley tədbiri Beyləqan rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.