Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub

28.04.2025

Beyləqan rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Nurdan yaranıb nura qovuşan insan” adlı tədbir keçirilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın bütövlüyü, eyni zamanda ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən “Əsl məhəbbət haqqında” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki çoxşaxəli fəaliyyətindən, göz xəstəliklərinin öyrənilməsi və müalicə sahəsindəki tədqiqatlarından, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına verdiyi töhfələrdən bəhs ediblər.

Bildirilib ki, Zərifə xanım oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır.

Həmçinin qeyd olunub ki, o sadəcə bir alim deyil, həm də Azərbaycan qadınının zəkası, ləyaqəti, incəliyi və mərhəmətini özündə birləşdirən canlı bir simvol olub.