24.04.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirlə görüş keçirilib.
Görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, tanınmış elm və ədəbiyyat xadimləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və yazıçının qələm dostları iştirak edib.
Yazıçının poetik “Salam olsun” etüdlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər, ədəbiyyatşünaslar və yazıçının qələm dostları onun ilk yaradıcılıq nümunələri, elmi monoqrafiyaları, transliterasiya etdiyi mətbuat nümunələri və dəyərli məqalələri haqqında ətraflı məlumat verərək, Şəfəq xanımın ədəbiyyatımıza və mənəvi dünyamıza bəxş etdiyi töhfələrdən bəhs edib və şeirlərindən parçalar səsləndirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sonda çıxış edərək yazıçının yaradıcılığını yüksək qiymətləndirdiyini, həmçinin yazıçının Beyləqan rayonu üçün dəyərli ziyalı obrazını formalaşdırdığını qeyd edərək, bu cür görüşlərin təkcə ədəbi deyil, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıdığını və gənc nəslə örnək olduğunu söyləyib.
Sonda Şəfəq Nasir çıxış edərək doğma yurdda qarşılanmaqdan duyduğu məmnuniyyəti ifadə edib, tədbiri təşkil edənlərə və iştirakçılara minnətdarlığını bildirib.
Poeziya dolu ədəbi görüş, səmimi ab-havada keçib və iştirakçılarda unudulmaz hisslər buraxıb.