09.11.2024
Mil – Muğan Mədəniyyət İdarəsinin İmişli rayon üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə "Bu Zəfərin mübarəkdir, ey vətən " adlı tədbir keçirilib.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayonun hüquq, mühafizə orqanlarının əməkdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında Zəfər Gününə həsr olunan İmişi şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin rəsm əsərlərindən, İmişli rayon Dövlət Rəsm Qalereyasının fondunda olan şəkillərdən ibarət sərgi təşkil edilib.
Tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mədəniyyət nümayəndələrinin ifasında tarixi zəfərimizə həsr edilən şeirlər səsləndirilib, rəngarəng musiqi və rəqs nömrələrindən ibarət bədii, musiqili proqram nümayiş olunub.