06.10.2024
Mədəniyyət Nazirliyinin müvafiq tövsiyə və tapşırıqlarına əsasən dövlət – özəl sektor əməkdaşlığının nəticəsində regionda yaradılan ilk çoxfunksiyalı “Hophopnamə” Kitab Mərkəzi məlum olduğu kimi X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Sərgi çərçivəsində Mərkəzin “Regionlarda ədəbi mənzərə, Regiona böyük töhfə - Hophopnamə” Kitab Mərkəzi adlı təqdimat mərasimi keçirilib.
Tədbir, ölkənin mədəniyyət ictimaiyyəti, yazıçı və şairlər, eləcə də kitabsevərlərin geniş iştirakı ilə təşkil olunub.
Tədbirin açılışında moderator, gənc şair-publisist Nadir Yalçın qonaqları salamlayaraq, tədbirin mahiyyəti haqqında söhbət açıb.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ağalar Ağammədovun təqdimatında kitab mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Mərkəzin məqsədinin Azərbaycanda ədəbiyyatın inkişafını təşviq etmək, oxucuları keyfiyyətli elmi və bədii əsərlərlə təmin etmək və mədəniyyətimizin zəngin irsini qoruyub yaymaq, mütaliə mədəniyyətini inkişaf etdirmək olduğu vurğulanıb.
Tədbirin davamında şair, esseist Fərid Hüseyn, şair-publisist Şəhriyar del Gerani, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, şair, Prezident təqaüdçüsü İbrahim İlyaslı kitab mərkəzinin açılmasının Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı üçün mühüm addım olduğunu bildiriblər. Eyni zamanda belə bir mərkəzin yaradılmasının Azərbaycanda mədəniyyətə, maarifçiliyə və kitaba olan marağın artırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndiriblər.
Tədbir həmçinin müzakirə platformasında Azərbaycan ədəbiyyatının inkişaf perspektivləri ilə bağlı maraqlı dialoqların yaranmasına şərait yaradıb.
Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, tədbirin təşkilində göstərdikləri dəstəyə görə Sərginin təşkilatçılarına, dəvəti qəbul edib gəldikləri üçün iştirakçılara təşəkkür edib.
Böyük maraqla gözlənilən təqdimat mərasimi uğurla başa çatıb.
Qonaqlara və bütün iştirakçılara, eyni zamanda “Hophopnamə” Kitab Mətkəzinin sərgidə iştirakına dəstək olduğuna görə “İlğım” ədviyyatlarına təşəkkür edirik.