04.05.2024
Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyi münasibətilə Beyləqan Gənclər Evində Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Beyləqan Gənclər Evi, “Mil” Sosial-iqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi və “Mil” intellektual klubunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərə uyğun “Gələcək-təmiz gələcək” adlı intellektual bilik müsabiqəsi keçirilib.
Nə? Harada? Nə zaman? formatında keçirilən müsabiqədə rayonun tam orta məktəblərinin IX-XI siniflərini təmsil edən, hər biri 5 nəfərdən ibarət 16 komanda iştirak edib.
Müsabiqəyə Ümummilli liderin abidəsinin ziyarət olunması ilə start verilib.
İştirakçılar azad rəqabət mühitinin yaradılmasından, müsabiqənin şəffaf, ədalətli və bərabər yarışma şəraitində keçirilməsindən məmnun olduqlarını bildirərək belə tədbirlərin dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd ediblər.
Müsabiqə başa çatdıqdan sonra təşkil edilən çay fasiləsində tədbir iştirakçılarına rayon Mədəniyyət Mərkəzinin, Niyazi adına Uşaq Musiqi Məktəbinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladığı bir-birindən şən musiqilər və rəngarəng rəqslər təqdim olunub.
Sonda münsiflər heyətinin qərarına uyğun olaraq I yerin qalibi Birinci Şahsevən kənd Fazil Miriyev adına Araz tam orta məktəbinin “Araz” komandası Kubokla, II yerin qalibi Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta məktəbin “Alpinist” və III yerin qalibi Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin “Düşüncə klubu” komandaları Fəxri Fərmanlarla mükafatlandırılıb.
Digər komandalara isə müasir ədiblərin kitablarından ibarət hədiyyələr təqdim olunaraq “Düşünən Oxucu” müsabiqəsinin əsası qoyulub.