Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda əlilliyi olan şəxslərin iştirakı ilə “Yaşıl çərşənbə” festivalı keçirilib

12.03.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabadda inklüziv festival keçirilib.

Festivalda rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər, mədəniyyət işçiləri və Agentlik tərəfindən səyyar sosial-məişət xidməti göstərilən ahıllar iştirak ediblər.

Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilən “Yaşıl çərşənbə” adlı festival çərçivəsində Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış keçirilib. Sonra qonaqlar, muzey eksponatları, həmçinin əlilliyi olan şəxslərin və rayonun yaradıcı şəxslərinin əl işlərinin və rəsmlərin nümayiş olunduğu sərgilərlə tanış olublar.

Festivalda Agentliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda orada peşə öyrənən gənclər də hazırladıqları əl işlərini (tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, rəssamlıq və s.) nümayiş etdiriblər.

Tədbirin “Hophopnamə” Kitab Mərkəzində təşkil olunan rəsmi hissəsində çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayıb və Sabirabad rayonunda əlilliyi olan şəxslərlə bağlı görülən işlərdən söhbət açıb.

Daha sonra Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə də sosial reabilitasiyası istiqamətində davamlı addımlar atılır. Bildirilib ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində bir sıra tədbirlər təşkil edilir və əlilliyi olan şəxslər də bu tədbirlərə cəlb edilir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı da çıxış edərək, qonaqlara və iştirakçılara dəvəti qəbul edib gəldiklərinə görə öz minnətdarlığını bildirib və İdarə tərəfindən təşkil olunan mədəni tədbirlərdə əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə iştirakının təmin olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Tədbirin konsert hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, eyni zamanda dərnək üzvləri ilə birlikdə əlilliyi olan şəxslərin, şəhid övladlarının ifasında musiqi və rəqs nümunələri təqdim edilib, şeirlər səsləndirilib.

Sonda iştirakçılar “Yaşıl çərşənbə” İnklüziv Festivalında fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olunublar.