03.03.2024
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə komitələrinin dəstəyi ilə Şəki rayonuna ekskursiya təşkil olunub.
İdarənin xidməti əhatəsindəki rayonlar üzrə ümumilikdə 4 avtobusla yola düşən kollektiv öncə 7 iyul 2019-cu ildən etibarən YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nə daxil olan Şəki Xan Sarayını ziyarət ediblər.
Daha sonra Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin bir neçə əməkdaşının iştirakı ilə əsası XVIII-XIX əsrlərdə qoyulan Yuxarı Karvansaray, Şəki Sənətkarlar Evi, Şəki Miniatür Muzeyi, M.F. Axundzadənin Ev Muzeyi ziyarət olunub.
Ziyarət zamanı qonaqlara qədim Şəkinin tarixi şəxsiyyətləri, abidələrin yaranma tarixi haqqında ətraflı məlumat verilib, eyni zamanda yapışqan və mismardan istifadə edilmədən minlərlə müxtəlif rəngli şüşə parçaları və taxtadan düzəldilən şəbəkələrin hazırlanması üsulu ziyarətçilərə nümayiş etdirilib.
Şəkinin qadim tarixi, təbiəti ilə tanışlıq kollektivdə xoş təəssüratlar yaradıb.