10.02.2024
Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi və RM nəşriyyatının birgə təşkilatçılığı ilə Sabirabad rayonunda RM nəşriyyatı və "Bələdçi" Tədris Mərkəzinin birgə layihəsi olan İnformatika müəllimlərinin II Respublika Forumu həyata keçirilib.
İnformatka müəllimlərinin iştirakı ilə keçirilən Forumda çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov qonaqları salamlayaraq dünyada və respublikamızda nəşriyyat işinin yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəşriyyat sahəsinə diqqət və qayğısından danışaraq forumun işinə uğurlar arzulayıb.
Daha sonra RM nəşriyyatın icraçı direktoru Muxtar Abbasov nəşriyyatın yaranma tarixi və fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verib. Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov çıxışında son illərdə ölkənin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Bələdçi Tədris Mərkəzinin rəhbəri Tural Sofiyev, Bakı Dövlət peşə təhsili mərkəzində qrup rəhbəri və bir neçə dərslik müəllifi Seyran Səmədov çıxış edərək Forumun keçirilməsinin əhəmiyyətindən söz açıblar.
Forumda çıxış edən müəllimlər müasir dövrdə informatika üzrə dərslik, dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, informatika fənninin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi ilə bağlı yaranan yeni situasiya, ali məktəblərdə informatika tədrisi və ümumən informasiya texnologiyaları bilik və bacarıqlarının inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda RM nəşriyyatının nəşr etdiyi informatika kitabları Forumun iştirakçıları olan müəllimlərə hədiyyə edilib və xatirə şəkili çəkilib.