Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi çoxfunksiyalı Mədəniyyət mərkəzinə çevrilib

16.12.2023

Qeyd edək ki, Sabirabad rayon Mədəniyyət Mərkəzinin çoxfunksiyalı mərkəzə çevrilməsi istiqamətində Mədəniyyət Nazirliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir. Həmin layihələr çərçivəsində Mərkəzdə “Hophopnamə” Kitab Mərkəzi, əməkdaşların yeni təlim mərkəzi, yeni rəsm və rəqs studiyaları yaradılıb. Regionda ilk dəfə həyata keçirilən bu layihə mədəniyyət sahəsində dövlət-özəl sektorun əməkdaşlığının nəticəsidir.

“Hophopnamə” Kitab Mərkəzinin, eyni zamanda əməkdaşların yeni təlim mərkəzinin, rəsm və rəqs studiyalarının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət xadimləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.

Qonaqlara öncə Kitab Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib, burada ölkənin müxtəlif nəşriyyatlarının stendlərinin yaradıldığı, onların nəşr etdiyi kitabların yerləşdirildiyi, həmçinin, bu mərkəzin resurslarından istifadə edən kontingentə çay, kofe və s. kimi xidmətlərin göstəriləcəyi, eyni zamanda, mərkəzdə müxtəlif ədəbi-bədii gecələrin, kitab təqdimatlarının, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin, ustad dərsləri və oxu günlərinin təşkil ediləcəyi bildirilib.

Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, kitaba və mütaliə mədəniyyətinin inkişafına olan diqqət və qayğısını nəzərə alaraq, Ulu Öndərin 100 illik yubileyinə töhfə kimi yaradılmış “Hophopnamə” Kitab Mərkəzinin konseptual olaraq respublikada ilk çoxfunksiyalı müasir kitab mərkəzi olduğu vurğulanıb.

Qeyd olunub ki, ilkin mərhələdə ölkənin nüfuzlu nəşriyyatları olan “Hədəf”, “Qanun”, “Parlaq İmzalar”, “Libra” “Everest”, “Qədim qala”, “MİMTA” və “RM” nəşriyyatlarının çap etdiyi kitabların həmin nəşriyyatlar üçün ayrılmış stendlərdə yer alır, həmçinin, Mərkəzdə regionda fəaliyyət göstərən sənətkarların yaratdığı incəsənət nümunələrinin, yaradıcı şəxslərin əl işlərinin yer aldığı stendlər mövcuddur.

Çoxfunksiyalı Mərkəzdə yerləşdrilmiş müşahidə kameraları vasitəsilə Mərkəzin fəaliyyətini onlayn izləməyin mümkün olduğu, eləcə də onlayn satış sisteminin yaradılacağı qonaqların diqqətinə çatdırılıb. Müasir kitab mərkəzinin yaradılmasının regionda əhaliyə göstərilən mədəni xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağı bildirilib. Daha sonra qonaqlar rəsm və rəqs studiyalarının, həmçinin təlim mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mərkəzlə tanışlıqdan sonra çıxış edən Fərid Cəfərov, Siraqəddin Cabbarov və digərləri, mütaliə mədəniyyətinin yüksək səviyyəsinin formalaşdırılmasında, eyni zamanda yeniyetmə və gənclərdə mədəniyyət və incəsənətə marağın artırılmasında “Hophopnamə” Kitab Mərkəzinin, əməkdaşların təlim mərkəzinin, rəsm və rəqs studiyalarının yaradılmasının önəmli töhfə olduğunu vurğulayıblar. Bundan əlavə, regionda çoxfunksiyalı Mədəniyyət Mərkəzinin yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilib.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasına dəstək göstərən nəşriyyatlara, eyni zamanda “Ofisait” ofis və dəftərxana ləvazimatları firmasına, “Ana Kür” Ailəvi İstirahət Mərkəzinə, “Əmin Bazar” marketlər şəbəkəsinə və “İlğım” ədviyyat firmasına təşəkkürünü bildirib, açılış mərasiminə təşrif buyuran qonaqlara minnətdarlığını ifadə edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında uğurla iştirak etmiş uşaqların ifasında konsert proqramı ilə davam edib.