Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyətimizin hamisi” adlı regional yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

08.05.2023

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, gənc nəsilə Ulu Öndər Heydər Əliyev irsinin, onun Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinin geniş təbliğ olunması, eyni zamanda uşaq və yeniyetmələrin yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların bədii-estetik zövqünün tərbiyə edilməsi və fərdi potensiallarının inkişaf etdirilməsi məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən “Mədəniyyətimizin hamisi” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib.

Müsabiqənin 1-ci turu 2023-cü ilin 30 aprel tarixinədək rayon nümayəndəlikləri tərəfindən müvafiq olaraq Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında keçirilib.

Müsabiqənin 2-ci turu (final) isə 05 may 2023-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib və ümumilikdə 42 nəfər (12 nəfər bədii qiraət nominasiyası üzrə, 6 nəfər xanəndəlik nominasiyası üzrə, 24 nəfər isə fortepiano nominasiyası üzrə) uşaq və yeniyetmələr iştirak ediblər.

İştirakçılar hər bir nominasiya üzrə müvafiq olaraq təyin edilmiş 4 nəfər münsif tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib və münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşib.

Qalibləri mükafatlandırma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, müsabiqənin keçirilməsində əsas məqsədin xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin gələcək nəsillər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək olduğunu bildirib.

Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı və mükafatlarla təltif edilib, xatirə şəkli çəkilib.