14.04.2022
15 aprel “Dünya İncəsənət Günü” münasibətilə
Saatlı rayonunda tədbir keçirilmişdir.
Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 15 aprel “Dünya İncəsənət Günü” ilə əlaqədar tədbir keçirilmişdir. İlk öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş sərgiyə baxış keçirilmişdir. Sərgidə “Şuşa ili” ilə əlaqədar materiallar, incəsənətlə bağlı nəşrlər və incəsənətin rənkarlıq, qrafika, heykəltaraşlıq növləri üzrə hazırlanmış guşələr tamaşaçılara təqdim olunmuşdur. Tədbir daha sonra Mədəniyyət Mərkəzinin zalında bədii hissə ilə davam etmişdir. “Dünya İncəsənət Günü” ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək 15 aprel “Dünya İncəsənət Günü” barədə maraqlı faktlar səsləndirmişdir. O, xüsusi olaraq vurğulamışdır ki, 15 aprelin “Dünya incəsənət günü” kimi qeyd edilməsi yaradıcı insanlarla cəmiyyət arasında bağların möhkəmləndirlməsinə xidmət edir. Daha sonra musiqiçilərin, ifaçıların bir-birindən maraqlı nömrələri, ayrı-ayrı folklor kollektivlərinin rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak edirdi.