Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“XOCALI – FACİƏDƏN DOĞAN İNTİQAM”

25.02.2022

“XOCALI – FACİƏDƏN DOĞAN İNTİQAM”

Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 25 fevral 2022-ci il tarixində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Sabirabad rayon Bayraq Muzeyində təşkil olunan tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayonunda fəaliyyət göstərən digər dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

İştirakçılar ilk öncə erməni cinayətkarlarının Xocalıda törətdiyi qətliamı özündə əks etdirən fotoşəkillərdən, kitablardan, dövri mətbuat materiallarından ibarət olan sərgiyə baxış keçirmişlər.

Daha sonra tədbirin aparıcısı tədbiri açıq elan etmiş, Xocalı faciəsində həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirmiş, Xocalı faciəsinin qisasını aldığına görə Müzəffər Ali Baş Komandana və qalib Azərbaycan əsgərinə tədbir iştirakçıları adından minnətdarlıq etmişdir.

Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur.

Qeyd edək ki, kompozisyasnın ssenari müəllifi və quruluşçu rejissoru Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Nicat Əliyevdir.