27.12.2021
Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Ölkəmizdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə geniş qeyd edildiyi vurğulanıb.Bu gün də həmin tədbirlərin yekunu olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirinin keçirildiyi bildirilib.
Dünya ədəbiyyatına böyük tövhələr verən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında insan eşqinin qüdrət və əzəmətinin göstərildiyi qeyd edilmiş, məhəbbətin dərin ictimai mənası şərh edilmişdir. Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən və insanlığa nümunə olan maraqlı məzmunu, Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olması vurğulanıb. Əsərin Sasani hökmdarı Xosrov Pərvizlə Bərdə hakiminin Vəliəhdi Şirin arasında məhəbbətdən bəhs edildiyi qeyd edilib.
Sonra Nizami Gəncəvinin “ Xosrov və Şirin” poeması əsasında ssenarist, quruluşçu rejissor Elşən İsmayılın hazırladığı tamaşa Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar aktyorları tərəfindən tədbir iştirakçılarına təqdim edilib.
Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar aktyorlarını təbrik edib, təəsüratlarını bölüşüb, xatirə şəkli çəkilib.