16.10.2021
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Saatlı rayon İcra hakimiyyətinin tərəfdaşlığı ilə rayonda beşmərtəbəli binanın divarına Zəfər simvolu olan Xarıbülbül rəsmi çəkilmişdir.
Saatlı rayonunda “Zəfər Simvolu-Xarıbülbül” adlı tədbir keçirilmişdir. Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda beşmərtəbəli binan divarına Zəfər Simvolu olan Xarıbülbül rəsmi çəkilmişdir. Tədbir Saatlı rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə qeyd olunan binanın qarşısında baş tutmuşdur. İlk öncə tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilmişdir. Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Ali Baş Komandanın və ordumuzun igid əsgərlərinin sayəsində torpaqlarımızın işğaldan azad olunmasından, Zəfər Simvoluna çevrilmiş Xarıbülbülün Qarabağ torpağına sədaqətindən bəhs edən tarixi faktlar barədə məlumat verdi. Saatlı rayon İcra Hakimiyyətinin məsul işçisi Mehriban Ağayeva çıxış edərək Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşərək tarix yazması barədə dəyərli fikirlər səsləndirdi. Vətən müharibəsi qazisi Surət Ağayev, şəhid atası Əlizamin Nəsirov, şəhid anası Vüsalə Tağıyeva, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək Vətən və ədalət uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən igid Azərbaycan oğullarının qəhrəmanlıqları barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Bütün çıxış edənlər Xarıbülbülün əzəmətini, məğrurluğunu, haqsızlığa qarşı əyilməz duruşunu Azərbaycan xalqının qələbə simvoluna çevirməsindən danışdılar. Sonda Saatlı rayon Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə vətənpərvərlik məzmunlu şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.