Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Poeziyamızın nəhəng siması” adlı onlayn konfrans keçirilmişdir.

22.06.2021

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Poeziyamızın nəhəng siması” adlı onlayn konfrans keçirilmişdir.

 
Giriş sözü ilə çıxış edən Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmiş və Nizami Gəncəvi şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

 
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi İsa Həbibbəyli yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən və mənalı həyat yolundan söz açmış və tədbirin təşkil edilməsindən dolayı minnətdarlığını bildirmişdir.

           

Azərbaycan Respublikası Milli Məclisinin  deputatı Əziz Ələkbərli də öz növbəsində çıxış edərək bildirmişdir ki, Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.

           

Daha sonra çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini Azərbaycan mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd etmiş, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirməsindən və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmasından söz açmışdır.

           

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru professor Arif Məmmədov, Milli Azərbaycan Tarix muzeyinin əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru-dosent Nardanə Yusifova, xaricdə yaşayan soydaşlarımız və digər mühazirəçilər Nizami Gəncəvi şəxsiyyətini, onun yaradıcılığını və yaşadığı tarixi-siyasi mühiti müxtəlif yönlərdən təhlil etmişlər.