Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur

20.01.2018

Sabirabad rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə kompleks tədbirlər keçirilmişdir. Qeyd etmək lazımdır ki, 1990-cı il yanvarın 20-də rayonun 2 sakini- Zəbulla Əliyev və Mehman Məmmədov milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin arasında olmuşdur. Ümumiyyətlə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi zamanı 225 nəfər ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuşdur. Onlardan üçü- Murad Mirzəyev, Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır, Maqsud Daşdıyev, Yalçın Qəhrəmanov və Daşqın Əhmədov isə ölümlərindən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmişlər. Sabirabadda şəhidlərin xatirəsi həmişə əziz tutulur. 
20 Yanvar günü Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəllarlarla birgə 20 Yanvar şəhidləri Zəbulla Əliyevin və Mehman Məmmədovun Kürkəndi və Qalağayın qəbirsanlığındakı məzarlarını ziyarət etmiş və bir gündə şəhid olan Zakir və Vaqif Fərzəliyev qardaşlarının şəhərin Bələdiyyə parkındakı büstləri önünə qərənfillər düzmüşlər.
Sonra 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon içtimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Şəhidlər xiyabanı»nın qarşısında mərasim keçirilmişdir. Tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirmişdir.
Natiq bildirmişdir ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü Vətənin və Xalqın ömrü qədərdir. Odur ki, biz qürurluyuq ki, şəhidlərimiz Vətənimizin azadlığı uğrunda canlarını fəda etmişlər.
Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.
Rayon ağsaqqalları, ziyalılar, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.