20.05.2021
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planının icrasına uyğun olaraq Sabirabad Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki mədəniyyət müəssisələri tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Keçirilən tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədi daşıyır.
19 may 2021-ci il tarixdə narkomaniya ilə mübarizə istiqamətində Şirvan Dövlət Rəsm Qalereyasında narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət "Pis vərdişlərdən yaxşı vərdişlərlə qurtulaq" adlı sərgi təşkil olunmuşdur. 15-ə yaxın uşaq və yeniyetmənin müəllifi olduğu rəsm əsərlərinin yer aldığı sərginin bir həftə davam etməsi nəzərdə tutulub.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində də “Sağlam həyat naminə narkotiklərə yox deyək!” adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və Hacıqabul rayon 10 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri iştirak etmişdir. Çıxış edənlər zərərli vərdişlərdən biri olan narkotikin insan həyatına vurduğu zərərdən, onun fəsadlarından söz açmış, narkomaniyanın qarşısının alınması məqsədilə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsinin vacib əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Daha sonra tədbir iştirakçılarına narkomaniyanın məhv etdiyi insan talelərindən bəhs edən “Hədəf” sənədli filmi nümayiş olunmuşdur.
Mövzu ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzi və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya "yox” deyək!" adlı tədbir təşkil olunmuşdur. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan çıxışçılar onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılığı barədə iştirakçıları məlumatlandırmışlar. Tədbirin sonunda iştirakçılara narkomaniya və onun fəsadlarından bəhs edən "Ampula" qısa metrajlı filmi nümayiş olunmuşdur.
Qeyd edək ki, keçirilən tədbirlərdə gənclərin asudə vaxtlarının təşkili məsələlərinə diqqətin artırılması, bu istiqamətdə mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunmasının vacibliyi Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır və mövzuya həsr olunmuş təbliğat xarakterli silsilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.