26.04.2021
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələrinə qayğı davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Bu tədbirlərin davamı olaraq 26 aprel 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan bir neçə qəhrəmanımızın ailə üzvləri ilə görüş keçirilmişdir.
Şəhid ailələrinin qayğıları ilə maraqlanan idarə rəisi Fərid Qurbanzadə onlarla ətraflı fikir mübadiləsi aparmışdır. Görüşdə şəhidlərimizin Vətən uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılmış və şəhidlərimiz kimi, onların ailə üzvlərinin də bizim üçün çox qiymətli olduqları bildirilmişdir.
Sonda onlara qəhrəman şəhidlərimizlə bağlı İdarə tərəfindən hazırlanmış DVD disklər təqdim olunmuşdur. Həmin disklərdə şəhidlərimizin dəfn mərasimi və onların ailə üzvlərindən alınmış müsahibələr daxil edilmişdir. Həmçinin, şəhidlərimizin övladlarına hədiyyələr təqdim edilmişdir.