24.07.2020
Bu günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır təxribat törətmişlər. Düşmənin fitnəkar əməllərinin qarşısı qətiyyətlə alınmış, ona adekvat cavab verilmişdir. Ermənistanın növbəti təxribatı Azərbaycan ictimaiyyətinin ən geniş təbəqələri arasında dərin qəzəb və hiddət hissi doğurmuşdur.
Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə bu qurumun xidməti əhatəsində olan Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət evləri, kitabxanalar, muzeylər, Heydər Əliyev mərkəzləri və rəsm qalereyaları nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilmişdir. Tədbirdə son günlər cəbhədə baş verən kəskin təxribatlar ilə əlaqədar adları çəkilən bölgələrin əhalisi, xüsusilə gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının gücləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlər geniş müzakirə edilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov qeyd etmişdir ki, bu il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edərək bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğramışdır, Azərbaycan öz dövlət sərhədini qorumuşdur və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.
Ölkə Prezidenti haqlı olaraq vurğulamışdır ki, Azərbaycan–Ermənistan sərhədində baş verən təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü və öz sərhədlərimizi qoruyacaq. Ermənistan rəhbərliyi isə təxribatlara görə dünya birliyi qarşısında cavab verməli olacaq.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Ə.Ramazanov hesab edir ki, cəbhədə təxribata yol verməkdə rəsmi İrəvanın niyyəti əhalinin əsas diqqətini işğalçı ölkədə gündən-günə ağıırlaşan ciddi sosial problemlərdən yayındırmaqdır. Belə ki, Ermənistanda aparılan yarıtmaz və sistemsiz siyasət nəticəsində ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür.
Sərhədlərdə baş verən son hadisələr də Ermənistanın indiki rejiminin düşünülmüş təxribatıdır. Çünki Ermənistanın indiki rejimi həm ölkədaxili siyasətdə, həm də beynəlxalq münasibətlər və diplomatiya müstəvisində özü üçün yaranmış çətin və ağır vəziyyətdən çıxmaq üçün ölkədə ictimaiyyətin nəzər-diqqətini tamamilə başqa məsələlərə yönəltməyə çalışır.
Ə.Ramazanov sonra çıxışında bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bu hadisələrlə bağlı ölkə vətəndaşları arasında yüksək vətənpərvərlik əhvali-ruhiyyəsi doğuran paylaşım edib. Orada deyilir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır!
Videokonfransda çıxış edən digər natiqlər qeyd ediblər ki, Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir. Koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl xislətini bir daha bütün dünyaya göstərmişdir.
Mədəniyyət işçiləri qətiyyətlə bildiriblər ki, Azərbaycan xalqının və dövlətinin mövqeyi birmənalıdır: “Əgər Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq, istədiyi vaxt öz ərazi bütövlüyünün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək”.
O zaman təcavüzkar Ermənistan müzəffər Azərbaycan Ordusu qarşısında diz çökərək aman istəyəcək. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi İrəvana xəbərdarlıq etdiyi kimi, qoy Ermənistan rəhbərliyi ağlını itirməsin. Bəli, sonra çox gec olacaq.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi, başqa digər natiqlər tədbirdə çıxışları zamanı bu günlərdə əhali, xüsusilə gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının gücləndirilməsinin əhəmiyyətini dönə-dönə vurğulayıblar. Onlar nəzərdə tutulan tədbirləri geniş müzakirə etməklə bərabər, bu istiqamətdə yeni təklif və təşəbbüslərini irəli sürüblər.