21.10.2019
Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı beynəlxalq miqyasda böyük rezonans yaradıb. Dölətimizin başçısının bu xatırlatması, eyni zamanda, xalqımızda heç zaman səngiməyən vətənpərvərlik ovqatını, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzmini və inamını qat-qat artırıb. “Valday” Klubunun iclasında dövlətimizin başçısının nitqi Azərbaycanın düşmənlərinə bir xəbərdarlıqdır. Belə ki, cənab İlham Əliyev çıxışının sonunda Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalından, etnik təmizləmədən, bu gün də Ermənistanın hərbi təcavüzünün davam etməsindən danışaraq bildirib ki, son zamanlar təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın publikaya hesablanan “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı sülh proseslərinə zərbə vurur. Prezident vurğulayıb ki, Qarabağın Ermənistanın bir hissəsi olması yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi. Ölkə rəhbərinin belə mötəbər tədbirdə Azərbaycanın haqq səsini dünyaya çatdırması, “Qarabağ Azərbaycandır!” mesajını verməsi ilə beynəlxalq aləm dövlət başçımızın qətiyyətinin və cəsarətinin bir daha şahidi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev elə bir məqamda, elə bir məkanda xalqının mövqeyini cəsarətlə nümayiş etdirən “Qarabağ Azərbaycanındır və nida işarəsi” ifadəsini səsləndirdi ki, bununla məsələyə, başqa sözlə, N.Paşinyanın avantürasına sərt münasibət bildirdi, eyni zamanda, Ermənistanın əsl xislətini bütün dünyaya göstərdi. Bu barədə cənab Prezident oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışı mərasimində deyib: “Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar... Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam!”. Prezident bu çıxışı ilə, Ermənistana və onu dəstəkləyən güclərə bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşı tərəfin inadkarlığı üzündən hələlik aradan qaldırılmaması, nizamasalma prosesinin bilərəkdən ləngidilməsi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcəkdir. Bu məqamda onu da xatırlatmaq yerinə düşər ki, cənab İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək nitqinin arxasında xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi dayanır. Yeri gəlmişkən, bu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin Ermənistanda faşizmə xidmət etmiş nasistin qəhrəmanlaşdırılmasını kəskin tənqid atəşinə tutdu. Dövlətimizn başçısı Aşqabadda prinsipial mövqe nümayiş etdirərək qətiyyətlə dedi ki, Yerevanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə heykəl qoyulub və bu, tamamilə yolverilməzdir. Azərbaycan Prezidenti İlham Əliyevin həmin görüşdəki çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan dövlətimizn başçısını arqumentləri qarşısından geri çəkilməyə məcbur oldu. Onun çıxışı saxta və miskin təsir bağışladı.
Ümumiyyətlə, xalqımız Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan sülh yolu ilə azad olunması üçün böyük müdriklik, təmkin, həmçinin qəti və sarsılmaz mövqe nümayiş etdirdiyinin dəfələrlə şahidi olub. Eyni zamanda, Prezidentimizin tutduğu yol, xalqımızın sarsılmaz iradəsi, Azərbaycanın Silahlı Qüvvələrinin gündən-günə artan döyüş qabiliyyəti sayəsində gec-tez torpaqlarımızın işğaldan azad ediləcəyi, bu zaman beynəlxalq hüququn Azərbaycanın tərəfində olacağı vətəndaşlarımızda heç bir şübhə doğurmur. Azərbaycan son 16 ildə siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Prezident İlham Əliyev bu nailiyyətləri dəfələrlə ölkədə yaşanan sabitliklə əlaqələndirib. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikada isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir. Çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. Prezident İlham Əliyev deyib: “Xalq–iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq–iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.Azərbaycanda xalq–iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nın “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında ölkəmizin dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali arasında aparılan sorğulara əsaslanıb. Bununla da Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcudluğu təsbit edilib. Belə bir etimad isə ictimai-siyasi və iqtisadi sabitliyi möhkəmləndirir. Yeri gəlmişkən, xalq–iqtidar birliyini möhkəmləndirən səbəblər arasında bir məqamı da diqqətə çatdırmaq istərdim. Bu da Prezident İlham Əliyevin milli maraqlara söykənən sosial siyasəti ilə bağlıdır. Belə ki, təkcə bu ilin ötən aylarında ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar dövlət başçımızın çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını aydın təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığını yada salmaq kifayətdir. Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.Prezidentin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərin keyfiyyətinin və əlçatanlılığının daim artırılması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları başçılarının regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Lakin, təəssüf ki, bu gün xalq–iqtidar birliyini zəiflətmək istəyən qüvvələr yox deyil. Onlar Azərbaycanın son illər əldə etdiyi siyasi, sosial-iqtisadi uğurlara, xalq–iqtidar birliyinə qısqanclıqla yanaşır, ölkəmizdə hökm sürən sabit ab-hava və respublikamızın getdikcə güclənən nüfuzundan narahatlıq keçirirlər. Buna görə də təxribatlar törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edirlər. Bakıda keçirilən son piketlər də həmin qüvvələrin xalqdan və onun maraqlarından nə qədər uzaq düşdüyünü göstərdi. Televiziya kanallarında nümayiş etdirilən kadrlardan göründüyü kimi, sanki, onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyildi. Açığı, belə bir mənzərəni görmək və duymaq həm təəssüfləndirici, həm də utandırıcıdır. Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda, zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil.