Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Tarix

Saatlı

Muğan düzündə, ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən, Azərbaycan Respublikasının inzibati rayonlarından biri olan Saatlı 25 may 1943-cü ildən rayon statusu almış, iyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərərək 1963-cü ildə ləğv edilmiş, qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. 1965-ci ildən ayrılaraq yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirmişdir.
Son statistik məlumatlara görə, rayonun sahəsi 1,18 min kvadrat kilometr, əhilisinin sayı isə 97916 nəfərdir. Rayon əhalisinin 18,1 min nəfəri şəhər yerlərində, 79,9 min nəfəri isə kənd yaşayış məntəqələrində yerləşən. Ərazisi okean səviyyəsindən 28 m aşağı olan rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, onlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Mərkəzi Saatlı şəhəridir.
«Saatlı» etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan Saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə bir hissəsi Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin-Saatlı tayfasının etnik adıdır.
Rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu sübüt edilmişdir. İnzibati ərazilər Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl II-III minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, hal-hazırda rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan saxsı qablar mövcuddur.
Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş həmin nekropollar arxeoloji abidələr kimi mühafizə olunurlar.
Saatlı rayonunun yayı quraq keçən mülayim-isti, yarımsəhra və quru çöl iqlimi var.