Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Beyləqanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

01.08.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Doğma dilim, Ana dilim” adlı tədbir keçirilib.

Tədbirdə təhsil müəssisələrinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycanda indiyədək istifadə olunmuş ərəb, əski latın, kiril və latın qrafikalı əlifbaların sərgisinə baxış keçirilməsi ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Daha sonra “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan dilinin tarixi inkişaf yolu və bu sahədə dövlət səviyyəsində görülən işlərdən, ana dilimizin tək ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, dövlətçiliyimizin və suverenliyimizin əsas daşıyıcılarından biri olmasından, “Konstitusiya və Suverenlik ili” çərçivəsində belə tədbirlərin keçirilməsinin, ana dilimiz kimi milli dəyərlərin qorunması baxımından mühüm strateji əhəmiyyət daşımasından ətraflı bəhs ediblər.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində əvəzsiz xidmətləri, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dilimizin müasir çağırışlara uyğun şəkildə qorunması və təbliği istiqamətində mühüm addımlar atılır.

Sonda mədəniyyət işçilərinin və məktəblilərin ifasında dilimizə aid kompozisiyalar və şeirlər təqdim olunub.